Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır.
MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır.
Təşkilatın vəzifələri aşağıdakılardır:
· üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası;
· inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi.
· təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir.
MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur. Cəmiyyət şose yolları, elektrik təchizatı, xəstəxanalar, məktəblər və təmiz su təchizatı sahəsində infrastrukturun yaxşılaşdırılması yolu ilə əlavə fayda götürür.
MİGA tərəfindən dəstəklənən birbaşa xarici investisiyalar eyni zamanda oxşar daxili investisiyaları da stimullaşdırır və bu sahələri mal və xidmətlərlə təmin edən daxili biznesin inkişafına təkan verir. Nəticədə, ölkələr yoxsulluğun azaldılması üçün imkan əldə edirlər.
Bundan əlavə, MİGA-nın zəmanəti ilə reallaşdırılan layihələrdə sosial sahə və ətraf mühit üzrə dünyada mövcud olan ən yüksək standartlara əməl olunması tələbi öz əksini tapır.
MİGA iqtisadiyyatda inkişafın əsas aparıcı amillərindın olan birbaşa xarici investisiyaların az inkişaf etmiş ölkələrə yönəldilməsində çox mühüm katalizator rolunu oynayır və bu fəliyyətini investisiya layihələrinə zəmanət verməklə, texniki yardım və hüquqi xidmət göstərməklə həyata keçirir.
Fəaliyyətə başladığı dövrdən MİGA 78 ölkədə həyata keçirilən 500-dən artıq layihəyə zəmanət vermişdir. MİGA-nın verdiyi zəmanətlərin ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olmuşdur ki, bu da dəyərləndirmələrə görə, həmin ölkələrə 30 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşuna şərait yaratmışdir. MİGA-nın investisiya portfelinin 22%-i Avropa və Orta Asiya ölkələrini əhatə edir.
MİGA zəmanət verdiyi layihələrin həyata keçirilməsinə Dünya Bankı Qrupunun böyük resursları vasitəsilə dəstək verir. MİGA-nın xüsusi üstünlüyü onun beynəlxalq təşkilat olmasından irəli gəlir və bu yolla MİGA investorları qeyri-kommersiya risklərindən qoruya və yarana biləcək mübahisələrin həllinə təsir edə bilir.
MİGA-nın texniki yardım xidmətləri inkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların cəlb olunması üçün strategiyanın müəyyən edilib tətbiq olunmasında mühüm pol oynayır. MİGA həmçinin investisiya imkanları barədə məlumatların yayılmasını dəstəkləmək üçün müvafiq vasitələri inkişaf etdirir və bunun üçün on-line investisiya məlumat xidməti yaradılmışdır.
Agentlik özünün hüquq xidməti vasitəsilə ölkələrə investisiya qoyuluşuna maneə ola biləcək səbəblərin aradan qaldırılmasına yardım edir. Mübahisələrdə vasitəçilik proqramı çərçivəsində MİGA hökumətlərə və investorlara aralarındakı fikir ayrılıqlarını aradan qaldırmağa və ölkədəki investisiya mühitini əsaslı surətdə yaxşılaşdırmağa kömək edir.