Bu günün xəbərləri: Ermənistanda "Azərbaycan vətəndaşı saxlanılıb", hərbi vəziyyət ləğv edilir, Azərbaycan Türkiyədən avtobus alır

Tavuş rayonu

Şəklin mənbəyi, TASS/Getty Image

Şəklin alt yazısı, Tavuş rayonu Ermənistanın şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir

Ermənistanda Azərbaycan "vətəndaşı saxlanılıb", hərbi vəziyyət bu gecə ləğv edilir, 27 sentyabr Anım Günüdür, Azərbaycan Türkiyədən 320 ədəd avtobus alacaq, Ağdamdan yeni görüntülər, BMT öz missiyasının Dağlıq Qarabağa erkən gəlişi üçün bütün tərəfləri əməkdaşlığa çağırır, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistanda Azərbaycan "vətəndaşı saxlanılıb"

Ermənistan informasiya vasitələri dekabrın 10-na keçən gecə Tavuş rayonunun Berdavan kəndi yaxınlığında Azərbaycan vətəndaşının saxlanıldığını bildirir.

Berdavan kəndində azərbaycanlının saat 4:00-5:00 aralarında müşahidə edildiyi xəbər verilir.

"MTX əməkdaşları onu apardılar, başqa təfərrüatlar mənə məlum deyil", - Berdavan kəndinin icra başçısı Smbat Muqdesyan NEWS.am agentliyinə deyib.

Agentlik məlumatın Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən təsdiqləndiyini bildirib.

Şübhəli qismində tutulub saxlanan vətəndaşa qarşı Ermənistan dövlət sərhədini qeyri-qanuni keçmək maddəsi üzrə cinayət işi açılıb.

Saxlanıldığı deyilən azərbaycanlının adı açıqlanmır.

Azərbaycanın Daxili İşlər, Xarici İşlər və Müdafiə nazirlikləri bu barədə məlumata sahib olmadıqlarını bildiriblər. Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycan Türkiyədən avtobus alır

avtobus, bu gün, Türkiyə, Azərbaycan

Şəklin mənbəyi, BNA

Azərbaycan Türkiyədən 320 ədəd orta və iritutumlu avtobus alacaq.

Bu, ötən gün Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin "BMC Otomativ Sənaye və Ticarət" şirkəti arasında müqavilə imzalanmasından sonra baş verir.

BNA bildirib ki, bu avtobusların 170-i 9, 150-si isə 12 metrlik olacaq.

"Yeni müasir və rahat 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verərəcək", qurum vurğulayıb.

BNA-nin məlumatına görə son 5 ildə Bakının avtobus parkının 40 faizi yenilənib. İndiyədək 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınıb. Cari ildə isə daha 115 ədəd avtobus alınıb. Onların 80-i Bakıya gətirilib. 9 metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək, BNA açıqlayıb.

Hərbi vəziyyət bu gecə ləğv edilir

Bakı, komendant saatı

Şəklin mənbəyi, Valery Sharifulin/Getty Images

Azərbaycanda hərbi vəziyyət dekabrın 12-də saat 00.00-dan ləğv edilir. Dekabrın 11-də Milli Məclisin iclasında Prezident İlham Əliyevin "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Fərmanı müzakirəyə çıxarılıb və qəbul edilib, media bildirir.

Hərbi vəziyyətin ləğv edilməsi haqqında qərar bu gün prezident.az saytında dərc olunub.

"Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin", - rəsmi sənəddə deyilir.

Hərbi vəziyyət sentyabrın 28-də elan edilmişdi. Ondan bir gün qabaq Azərbaycan işğal altındakı torpaqların azad olunması üçün əks-hücum əməliyyatına başlamışdı.

44 gün çəkən müharibə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatdan sonra dayandı.

Sentyabrın 28-də elan edilmiş hərbi vəziyyət zaman 21:00-dan səhər saat 06:00-a qədər çölə çıxmaq qadağan idi.

Ağdamdan yeni görüntülər

Ağdam rayonunun Paprəvənd kəndindən videogörüntülər

Şəklin mənbəyi, Azərbaycan MN

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Paprəvənd kəndindən videogörüntülər paylaşıb.

Ağdam rayonunun böyük hissəsi 1993-cü ilin yayında erməni silahlıları tərəfindən işğal olunub. Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı bəyanatdan sonra noyabrın 20-də Ağdam Azərbaycana geri qaytarılıb.

Paylaşımını ötürün Facebook

Məzmun mövcud deyil

Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Facebook

Müdafiə Nazirliyi həmçinin Ağdam rayonunun Boyəhmədli kəndindən video yayıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

27 sentyabr Anım Günüdür

Azərbaycanda hər il sentyabrın 27-i Anım Günü olacaq.

Milli Məclisin cümə günü keçirilən iclasında Əmək Məcəlləsinə bununla bağlı dəyişiklik qəbul edilib.

Şəhidlər Xiyabanı

Şəklin mənbəyi, Valery Sharifulin/ Getty Images

Dəyişikliyə görə, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günü olacaq, yerli media yazır.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdı.

Bundan başqa Milli Məclis məcəlləyə daha bir dəyişikliyi qəbul edib. Artıq hər il noyabrın 8-i - Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

BMT baş katibinin rəsmi nümayəndəsi Stéphane Dujarric

Şəklin mənbəyi, Pacific Press/ Getty Images

BMT öz missiyasının Dağlıq Qarabağa erkən gəlişi üçün bütün tərəfləri əməkdaşlığa çağırır

BMT-nin öz missiyasını Dağlıq Qarabağa göndərmək niyyəti hələ də var və qurum bu missiyanın bölgəyə erkən gəlişi üçün bütün tərəfləri əməkdaşlığa çağırır.

Bu barədə cümə axşamı BMT baş katibinin rəsmi nümayəndəsi Stéphane Dujarric TASS agentliyinin sualına cavabında danışıb.

Agentlik yazır ki, bundan əvvəl BMT bölgə sakinlərinin ehtiyaclarını qiymətləndirmək üçün dekabrın əvvəlində bir missiyanın Dağlıq Qarabağa gəlməsinin vacibliyini vurğulayıb, lakin bu, hələ baş verməyib.

"Mən heç bir maneə olduğunu söyləməzdim. Hələ də detallar üzərində işlənir,"- cənab Dujarric bildirib.

Stéphane Dujarric qeyd edib ki, BMT münaqişədən təsirlənmiş bütün bölgələrin humanitar ehtiyaclarını ödəməyə hazırdır.

"BMT-nin Humanitar İşlər Koordinasiya Ofisində və digər departamentlərdəki həmkarlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün əlaqədar bütün tərəflərlə işləyirlər,"- BMT rəsmisi deyib.

O, "bütün tərəfləri missiyanın erkən yerləşdirilməsini asanlaşdırmaq üçün BMT ilə əməkdaşlıq etməyə" çağırıb.

Azərbaycan və Ermənistan arasında 27 sentyabrda başlayan müharibə 44 gün davam edib. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, 10 noyabrda Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib.

Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağa yerləşdirilib.